YENİLİKLƏR
Giltex 2012-ci ildən fəaliyyətə başlayan Gilan Tekstil Parkı müəssisəsinin ticarət nişanıdır.
“Gilan Tekstil Park” Oeko-Tex® Standard 100 beynəlxalq ekoloji sertifikatlara layiq görülüb.
“Gilan Tekstil Park” Oeko-Tex® Standard 100
beynəlxalq ekoloji sertifikatlara layiq görülüb.
 
“GİLAN TEKSTİL PARK” MMC aşağıdakı 3 məhsul qrupuna aid OEKO-TEX Standart 100 sertifikatlarını alıb:
-          Ağardılmış və reaktiv boyanmış 100% pambıq toxuma parçalar, ağardılmış və reaktiv boyanmış 100% pambıq hörgü və xovlu parçalar, piqment və reaktiv basqılı 100% pambıq toxuma parçalar;
-          Pambıq xovlu parçadan istehsal olunmuş dəsmallar, ağardılmış və reaktiv boyanmış, piqment və reaktiv basqılı pambıq toxuma parçalardan yataq dəstləri;
-          Ağardılmış və reaktiv boyanmış pambıq hörgü parçalardan köynəklər (t-shirt).
Məlumat üçün bildirmək istərdik ki, OEKO-TEX - 1992-ci ildə Avstriyanın Tekstil Tədqiqat İnstitutu və Almaniyanın Hohenşteyn adlı elmi-tədqiqat institutu tərəfindən əsası qoyulmuş, bir sıra kimyəvi maddələrin istifadəsinə məhdudiyyət qoyan tekstil məhsullarının beynəlxalq sınaq və sertifikatlaşdırma sistemidir. Hal-hazırda Baş ofisi İsveçrədə yerləşən, Avropa və Yaponiyadan 18 müstəqil tədqiqat və araşdırma institutunu birləşdirən, filialları 60-dan çox ölkədə yerləşən OEKO-TEX təqdim etdiyi sertifikat tekstil məhsullarının ekoloji təhlükəsizliyini təsdiqləyir. Oeko-Tex® Standard 100 sertifikatı, yoxlanılan tekstil məhsullarında Avropa Birliyində qadağan edilmiş maddələr olmadıqda verilir. Onun məqsədi sağlamlıq üçün məhsulun təhlükəsizliyinə zəmanət verməkdir. OEKO-TEX – istehsalçı üçün məhsulunun keyfiyyətini sübut və təsdiq edən ticarət nişanı olmaqla yanaşı, həm də istehlakçılar arasında kifayət qədər tanınmış və etibar qazanmışdır. Tekstil materiallarının tərkibində zərərli maddələrin test etmə prosesinin əsasını təşkil edən meyarlar siyahısı son elmi tədqiqatların nəticələrinə əsaslanır və daim yenilənir.
Sertifikatın üzərindəki mətn belə tərcümə edilir: “Bu tekstil məhsuluna etibar edin. Oeko-Tex 100 ekoloji standarta uyğunluğu yoxlanılmışdır”.
Sertifikatlar təsdiq edir ki, GiLTEX brendi altında 100% pamblqdan istehsal edilən parça, hazır ev tekstili məhsulları, köynəklərdə alergiyaya səbəb olan və konserogen boyalardan və digər insan sağlamlığına zərərli kimyəvi maddələrdən istifadə edilmir. Oeko-Tex® Standard 100 təhlükəli maddənin yoxlamaları tekstil məhsulunun istifadə təyinatına görə fərqlənir. Tekstil məhsulunun dəri ilə təması nə qədər sıx olarsa, insan ekologiyasının tələbləri bir o qədər yüksək olmalıdır prinsipi tətbiq olunur. Sertifikatlaşdırma zamanı mallar 4 qrupa bölünür:
I. - Körpələr və 3 yaşa qədər uşaqlar üçün toxuculuq məhsulları və toxuculuq oyuncaqları: alt paltarları, yataq dəstləri və ləvazimatları, yumşaq oyuncaqlar, sürgülər və s.
II. - Səthinin çox hissəsi dəri ilə birbaşa təmasda olan tekstil məhsulları: alt paltarları, yataq dəstləri, xovlu məhsullar, köynəklər, bluzlar, corablar və s.
III. - İstifadəsi zamanı dəri ilə və ya onun səthinin bir hissəsi ilə birbaşa təmasda olmayan toxuculuq məhsulları: gödəkçələr, paltolar, xarici geyimi üçün materiallar və s.
IV. - İnteryer üçün dekorativ materiallar: masa örtükləri, mebel parçaları, pərdələr, həmçinin toxuculuq divar kağızları və xalçalar və s.
Yeri gəlmişkən, GiLTEX yüksək ekoloji tələblərə cavab verərək 2-ci qrup məhsullara görə sertifikatlaşdırılmışdır. OEKO-tex Standard 100 sertifikatları 12 ay müddətinə verilir, bundan sonra şirkət sertifikatların yenilənməsi üçün ərizə ilə yenidən müraciət edir. Bu halda qiymətləndirmə proseduru, şübhəsiz ki, yenidən həyata keçiriləcəkdir. Bu da o deməkdir ki, sertifikat almadan əvvəl və sonra ekoloji standartlara riayət ediləcəkdir. Oeko-tex 100 – etibarlılıq və təhlükəsizlikdir.
Xatırladaq ki, GiLTEX 2012-ci ildən Azərbaycanda, Sumqayıt şəhərində fəaliyyətə başlayan “GİLAN TEKSTİL PARK” MMC-nin ticarət nişanıdır. Müəssisədə yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Ümumi sahəsi 150.000 m2, ümumi istehsal sahəsi isə 50.000 m2 olan müəssisənin bazasında vertikal inteqrasiya sistemi ilə qurulmuş və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə etmiş İplik fabriki, iki Toxuma fabrikləri, iki Boyama fabrikləri və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda GİLAN TEKSTİL PARK-da iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edilməkdədir.