Ana səhifə Bloq

Koronavirus. Nə etməli?


Aprel ayının sonu, may ayının əvvəli hava proqnozunu etmək üçün çətin dövrdür. Günün birinci yarısı hava isti ola bilər, lakin ikinci yarısı sərt soyuya bilər və əksinə. Hərdən hava gözümüzün qabağında dəyişir və isti paltar geyinərək tərləyə, hava birdən birə dəyişəndə isə soyuq ala bilərsiniz. Bundan əlavə bu ərəfələrdə qışdan sonrakı vitamin çatışmazlığı və ondan asılı olaraq immunitetin zəifləməsi müşahidə edilir. Ona görə ilin bu vaxtında həm adi soyuqdəymə, həm də kəskin respirator virus infeksiyalarının törədiciləri (KRVİ) adətən daha çox yer alır. Və buna əlavə olaraq, COVID-19 koronavirusu meydana çıxdı. 

Sizin üçün yəqin çoxdan sirr deyil ki, virus hava-damcı yolu ilə keçir, lakin virus əşyaların səthi üzərinə düşərək bir müddət aktiv qala bilir. Honkonq universitetinin və Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun ekspertlər qrupunun məlumatına əsasən virusun əşyaların üzərində yaşama müddəti əşyalardan asılı olaraq dəyişir. Məsələn, kağız və salfet üzərində 2-3 saat yaşayır. Taxta və pambıq parça kimi təbii materialların üzərində 2 gün qalır. Şüşə materialı və ya kağız pullar üzərindən 4 gündən sonra, paslamayan poladdan və ya plastikdən isə 7-ci gündən sonra yox olur.

Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi yeni növ koronavirus COVİD-19 pandemiyası və xüsusi izolyasiya rejimi şəraitində xəstələnməmək üçün nə etməliyik?
İlk növbədə, mümkün dərəcədə elan edilən xüsusi karantin rejimi müddətində evdə qalaraq özünü təcrid etmək.

Evdən çıxmaq məcburiyyətində qalmısınızsa, istənilən ictimai yerləri ziyarət etdikdən, nəqliyyatdan, qapı dəstəklərinə, pula, iş yerinizdəki ümumi istifadə edilən ofis avadanlıqlarına toxunduqdan sonra, yemək hazırlanmasından və yeməkdən əvvəl      əllərinizi və üzünüzü sabunla yumaq. Əsaslı surətdə sabunlanmaya (ən azı 20 saniyə) və kağız salfetlərlə və ya yalnız şəxsi dəsmallarla əllərin tam qurudulmasına xüsusi diqqət yetirin.

Yalnız yaxın zamanda yuyulmuş əllərlə üzə, gözə toxunun. Su və sabun olmadıqda əlləri təmizləmək üçün spirt əsaslı dezinfeksiyaedici vasitələrdən istifadə edin. 

İnsanların sıx olduğu yerlərdə və nəqliyyat vasitələrində birdəfəlik tibbi maska taxın. Maskanı hər 2-3 saatda yenisi ilə dəyişdirin, maskanı yenidən istifadə edə bilməzsiniz. Alternativ kimi təkrar istifadəsinə yol verilən tekstil maskaları dəyərləndirilə bilər.

İzdihamlı yerlərdə olarkən hamar saç düzümlərinə üstünlük verin, yığılmamış saçlar tez-tez üzlə təmasda olanda yoluxma riskini artırır.

Kəskin respirator virus infeksiyalarının görünən əlamətləri (öskürək, hapşırma, burun axıntısı) olan insanlarla yaxın təmasdan çəkinin və eyni otaqda olmayın.

Salamlaşarkən əl görüşmələri, öpüşmələri və qucaqlaşmaları məhdudlaşdırın.

Olduğunuz otağın havasını tez-tez dəyişin.

Şəxsi istifadə əşyaları olan diş fırçası, hamam lifi, dəsmal, hamam xalatı, yastıq, yorğan və yataq dəstini ev üzvlərinin təmasından təcrid edin.

Ümumi dəsmallardan istifadə etməyin. İmmunitetinizi gücləndirin.